8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib
08 noyabr 2026 | 14:06
8 noyabr tarixi ədalətin bərqərar olduğu, haqq savaşımızdan qalib çıxdığımız, parlaq qələbə qazandığımız unudulmaz bir tarixdir.
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü Qusar rayonunda da böyük təntənə ilə qeyd edilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov, RİHB Aparatının məsul şəxsləri, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Qusar şəhər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Rayon Mədəniyyət Mərkəzində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə bədii-musiqili "Zəfərimiz əbədidir" adlı kompozisiya təqdim edilib.
Əvvəlcə Mərkəzin foyesində 44 günlük müharibədə qazanılmış tarixi Zəfəri və bu Qələbənin memarları olan qəhrəmanlarımızın döyüş yolunu əks etdirən sərgiyə baxış keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mədəniyyət nümayəndələrinin ifasında təqdim olunan vətənpərvərlik ruhlu musiqi və bədii qiraət nümunələri, eləcə də Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini, əsgərlərimizin misilsiz şücaətini və xalqımızın milli birliyini əks etdirən səhnəcikləri tədbir iştirakçıları tərəfindən alqışlarla müşayiət olunub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək rayon sakinlərini 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayıb. İcra başçısı 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xalqının milli iradəsinin, sarsılmaz birliyinin və Ordumuzun misilsiz qəhrəmanlığının təntənəsi olduğunu vurğulayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələrindən birinə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu möhtəşəm qələbənin əldə olunmasında nümayiş etdirilən milli həmrəylik, vətənpərvərlik bundan sonra da ölkəmizin inkişafı və əldə edilmiş nailiyyətlərin qorunub saxlanılmasında mühüm mənəvi dayaq olacaqdır. Vurğulanıb ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli Azərbaycan Bayrağı tarixi Zəfərimizin təcəssümüdür.
Çıxışının sonunda rayon rəhbəri kompozisiyanın yüksək səviyyədə təqdimatına görə Qusar Dövlət Ləzgi Dram Teatrının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Daha sonra şəhid ailələrinin üzvləri və qazilərlə həmsöhbət olaraq onların qayğıları ilə maraqlanıb.






