8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Tarixin qızıl səhifəsi" adlı tədbir keçirilib
06 noyabr 2026 | 15:10
Noyabrın 5-də, 8 Noyabr – Zəfər Günü ərəfəsində Qusar Rayon Mərkəzi Kitabxanasında “Tarixin qızıl səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə Rayon Mərkəzi Kitabxanasının əməkdaşları, şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və xalqın sarsılmaz həmrəyliyi nəticəsində qazanılmış Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də tarixi ədalətin və dövlət suverenliyinin təntənəsidir. Xüsusilə qeyd olunub ki, 44 gün ərzində ön cəbhə ilə arxa cəbhə arasında yaranmış sarsılmaz birlik, gənclərin könüllü şəkildə Vətənin müdafiəsinə qatılması, bütün cəmiyyətin eyni amal ətrafında birləşməsi bu Qələbəni tarixi hadisədən milli birlik nümunəsinə çevirib. Məhz həmin birlik bu gün də dövlətçiliyimizin ən möhkəm dayağıdır. Eyni zamanda bildirilib ki, bu Qələbənin qorunub saxlanılması, tarixi həqiqətlərin təhrifdən qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
Sonda Vətən müharibəsi, Qarabağ tarixi və şəhidlərimizin həyat və döyüş yolu ilə bağlı nəşrlərdən ibarət kitab sərgisinə baxış keçirilib. Şagirdlər sərgi ilə yaxından tanış olaraq Zəfər tariximiz barədə biliklərini daha da zənginləşdiriblər.






