Almaniyalı jurnalistlər Qusar rayonunda səfərdə olublar
08 sentyabr 2025 | 18:33
Azərbaycan tarixən müxtəlif xalqların, mədəniyyətlərin dinc şəkildə birgəyaşayış məkanı olmuşdur. Bu gün də ölkəmizin dövlət siyasətində multikulturalizm və tolerantlıq prinsipləri xüsusi yer tutur və Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas amillərdən biri kimi çıxış edir. Bu səbəbdən ölkəmizin multikulturalizm modeli dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların, jurnalistlərin və ictimaiyyət nümayəndələrinin diqqətini cəlb edir.
Cari ilin 7–14 sentyabr tarixlərində Almaniyanın nüfuzlu “Berliner Zeitung” qəzetinin jurnalistləri Thomas Fasbender və Leo Razumovski Azərbaycanda səfərdə olacaqlar. Onlar Bakı ilə yanaşı, bölgələrə də baş çəkərək, tarixi və dini abidələrlə tanış olacaq, multikulturalizm və dinlərarası dialoq mövzularında müvafiq şəxslərlə görüşlər keçirəcəklər.
Sentyabrın 8-də jurnalistlər Qusar rayonunda rayon icra hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovla görüşmüşlər. Görüşdə Qusar rayonunda son illərdə həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri, əhalinin rifahına yönəlmiş tədbirlər, eləcə də tolerant mühitin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparılmışdır.
Səfər çərçivəsində qonaqlar həmçinin Qusar rayonunun qədim yaşayış məskənlərindən biri olan Hil kəndində də olublar.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin məlumatına görə Thomas Fasbender dəfələrlə ölkəmizdə səfərdə olmuş, xüsusilə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Almaniya mətbuatında yayımladığı məqalələrdə Azərbaycanla bağlı obyektiv və dəqiq məlumatlar təqdim etmişdir. Bu baxımdan onun yenidən Azərbaycana səfəri nümunəvi multikulturalizm modelimizin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.






