Aprel döyüşləri – Azərbaycan Ordusunun gücünün və xalqımızın birliyinin təntənəsi
01 aprel 2026 | 18:59
2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları müasir tariximizə şanlı səhifə kimi yazılmışdır. Dörd gün davam edən bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığını, peşəkarlığını və Vətən torpaqlarının müdafiəsi uğrunda sarsılmaz əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Aprel döyüşləri zamanı ordumuz strateji əhəmiyyətə malik bir sıra yüksəklikləri və yaşayış məntəqələrini düşməndən azad etmiş, işğal altında olan torpaqlarımızın bir hissəsində Azərbaycan bayrağı yenidən ucaldılmışdır. Bu qələbə nəticəsində cəbhə xəttində üstünlük təmin edilmiş, xalqımızın qələbə ruhu daha da yüksəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi siyasət nəticəsində ordumuzun gücü və imkanları daha da artmış, hərbi qulluqçularımızın döyüş ruhu ən yüksək səviyyəyə çatdırılmışdır. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.
Bu şanlı tarix xalqımızın yaddaşında qəhrəmanlıq salnaməsi kimi yaşayır. Aprel döyüşlərində canlarını Vətən uğrunda fəda edən şəhidlərimiz dərin ehtiramla yad edilir, qazilərimizə sonsuz minnətdarlıq ifadə olunur. Onların göstərdiyi igidlik və fədakarlıq hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Bu gün Aprel döyüşləri həm də 2020-ci ildə qazanılan möhtəşəm Zəfərin müjdəçisi kimi qiymətləndirilir. Həmin döyüşlər Azərbaycan xalqının birliyini, dövlət-xalq-ordu həmrəyliyini nümayiş etdirərək gələcək böyük qələbələrin təməlini qoymuşdur.
Aprel döyüşləri Azərbaycanın müasir hərb tarixində mühüm mərhələ olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də xüsusi rol oynayır. Bu şanlı qələbə xalqımızın gücünün, əzminin və haqq mübarizəsinin bariz nümunəsidir.
Bu şanlı tarix eyni zamanda Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın igidliyi ilə yadda qalmışdır. Onlardan biri də Qusar rayonunun yetirməsi, Aprel döyüşlərinin qəhrəman şəhidi Əmiraslan Xeyirbəyovdur.
Şəhid Əmiraslan Xeyirbəyov 1996-cı ilin 10 dekabr günündə Qusar rayonunun Caqarqışlaq kəndində anadan olmuşdur. Əsgər Əmiraslan Xeyirbəyov 2016-cı ilin aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-da isə doğulduğu Qusar rayonunun Caqarqışlaq kəndində dəfn edilmişdir.
Əmiraslan Xeyirbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların göstərdiyi şücaət gənc nəsillər üçün örnək olaraq qalacaqdır.






