Avaranqışlaq kəndində səyyar vətəndaş qəbulu keçirilib
03 sentyabr 2026 | 18:24
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu sentyabrın 3-də rayonun Avaranqışlaq kəndində keçirilib. Səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbulda kənd sakinləri tərəfindən kəndin qazlaşdırılması, Avaran kənd ibtidai ümumtəhsil məktəbinin ümumi orta təhsil verən 9 illik məktəbə çevrilməsi, kənd ərazisində mövcud, suvarma məqsədləri üçün nəzərdə tutulmuş artezian quyusundan boru xətti vasitəsilə yaşayış məntəqəsinin içməli su ilə təmin olunması, kənddə avtobus dayanacağının quraşdırılması, həmçinin köhnə elektrik xəttlərinin yenilənməsi ilə bağlı müraciətlər səsləndirilmişdir.
Qaldırılan hər bir məsələni diqqətlə dinləyən icra başçısı müvafiq idarə və müəssisə rəhbərlərinə qaldırılan məsələlərin həlli üçün tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verib. Bildirilib ki, müraciətlərin icrası nəzarətə götürüləcək və nəticəsi barədə sakinlərə məlumat veriləcəkdir.






