Azərbaycan cüdoçuları dünya çempionatında uğurlu nəticələrə imza atıblar
12 oktyabr 2026 | 18:00
Qusar rayonunun idmançıları beynəlxalq yarışlarda qazandıqları uğurlarla Azərbaycanın idman nüfuzunun yüksəldilməsinə, rayonun idman ənənələrinin qorunaraq inkişaf etdirilməsinə mühüm töhfə verirlər. İdmançılarımızın növbəti uğuru Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında qeydə alınıb. Belə ki, Azərbaycan təmsilçiləri Ömər Rəcəbli və Rəşid Məmmədəliyev nüfuzlu beynəlxalq yarışda yüksək nəticə göstərərək bürünc medala layiq görülüblər.
81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli görüşdə Qazaxıstan idmançısına qalib gələrək uğurlu çıxışını fəxri kürsüyə yüksəlməklə tamamlayıb.
Dugər idmançımız Rəşid Məmmədəliyev cüdo üzrə böyüklər arasında dünya çempionatında 73 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından idmançılarımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni qələbələr və Azərbaycan bayrağını idman arenalarında daim yüksəklərdə dalğalandırmağı arzu edirik.






