"Azərbaycan dili mənim doğma dilimdir" mövzusunda dəyirmi masa keçirilib
16 oktyabr 2026 | 17:41
Hər bir xalqın ana dili xalqın tarixi yaddaşını, milli təfəkkürünü və əsrlər boyu formalaşmış dövlətçilik ənənələrini özündə ehtiva edən fundamental dəyərlərdən biridir. Azərbaycan dili zəngin ifadə imkanları, çoxəsrlik ədəbi ənənələri və yüksək mənəvi-estetik xüsusiyyətləri ilə xalqımızın milli varlığını səciyyələndirən başlıca mənəvi sərvətlərimizdəndir. Bu baxımdan ana dilinin qorunması, onun ictimai mövqeyinin möhkəmləndirilməsi və gənc nəslə düzgün, səlis dil vərdişlərinin aşılanması xüsusi aktuallıq kəsb edir.
Bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə oktyabrın 15-də Qusar Rayon Heydər Əliyev Mərkəzi və Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Azərbaycan dili mənim doğma dilimdir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Qusar Rayon Heydər Əliyev Mərkəzinin direktoru ana dilinin xalqın milli kimliyinin qorunmasında, tarixi yaddaşının yaşadılmasında və dövlətçilik təfəkkürünün formalaşmasında oynadığı müstəsna roldan bəhs edib. O, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun hərtərəfli inkişafının təmin olunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin tarixi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Ulu Öndərin dil siyasəti Azərbaycan dilinin dövlətçilik sistemindəki mövqeyinin gücləndirilməsinə və dilimizin gələcək inkişafı üçün möhkəm zəmin yaradılmasına xidmət edib.
Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru çıxışında Azərbaycan dilinin saflığının qorunmasının, zəngin leksik və üslubi imkanlarından düzgün istifadə edilməsinin, ədəbi dil normalarına riayət olunmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, ana dilinə hörmət yalnız onun gündəlik ünsiyyət vasitəsi kimi işlədilməsi ilə məhdudlaşmır, eyni zamanda dilin düzgün istifadəsini, yazılı və şifahi nitqdə dil qaydalarına əməl olunmasını da əhatə edir.
Çıxışlarda Azərbaycan dilinin saflığının və nüfuzunun qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.






