Azərbaycan ədliyyəsi 107 yaşında
21 noyabr 2025 | 17:28
Azərbaycan ədliyyə sistemi hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri kimi qanunçuluğun təmin edilməsində və insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Ümummilli Liderimizin həyata keçirdiyi köklü islahatlar nəticəsində mühüm struktur kimi formalaşan Azərbaycan ədliyyəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək təkmilləşmişdir.
Azərbaycan Xalq Cümhuriyyətin yaranması ilə eyni tarixdə Ədliyyə Nazirliyi də təsis edilmiş, 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı günü olaraq təsis edilmişdir. Bu əlamətdar gün münasibətilə Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Şahid Fərəməzov ölkəmizin ədliyyə işçilərini peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.






