“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Qusar rayonunda maarifləndirmə və təşviqat tədbirləri həyata keçirilir
07 oktyabr 2026 | 10:28
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Qusar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş rayon üzrə iş planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində maarifləndirmə və təşviqat işləri aparılır. İş planına uyğun olaraq, tədbirlərin icrası üzrə yaradılmış əlaqələndirmə qrupları tərəfindən rayonun Şirvanlı, Samur qəsəbəsi, Kuzunqışlaq, Düztahir, Həzrə, Gilah, Quxuroba, Əcəxur, Yuxarı Qələnxur və Gilahoba inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əhatə etdiyi yaşayış məntəqələrində fermer və sahibkarlarla görüşlər keçirilmişdir. Görüşlərdə eyni zamanda Aqrar Sığorta Fondunun nümayəndələri də iştirak etmişdir.
Görüşlər zamanı Dövlət Proqramının əsas məqsəd və vəzifələri, aqrar sahənin inkişafı üzrə müəyyən edilmiş prioritetlər, Qusar rayonu üzrə iş planında nəzərdə tutulan tədbirlər, onların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verilmişdir.
Bununla yanaşı, Aqrar Subsidiya Şurasının qərarlarında edilmiş dəyişikliklər, kənd təsərrüfatı istehsalçılarına tətbiq olunan subsidiya mexanizmləri, dövlət dəstəyi və aqrar sığorta imkanları, eləcə də gözlənilən nəticələr fermer və sahibkarların diqqətinə çatdırılmışdır. Görüşlər zamanı iştirakçıların sualları cavablandırılmış, onların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilmişdir.
Həyata keçirilən tədbirlərin əsas məqsədi Dövlət Proqramının mahiyyətinin fermer və sahibkarlara çatdırılması, dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığın artırılması, aqrar sahədə müasir yanaşmaların təşviqi və Qusar rayonu üzrə müəyyən edilmiş tədbirlərin səmərəli icrasına dəstək göstərilməsidir.
Dövlət Proqramının icrası çərçivəsində fermer və sahibkarlarla maarifləndirmə və təşviqat xarakterli görüşlərin növbəti həftələrdə rayonun digər yaşayış məntəqələrində davam etdirilməsi nəzərdə tutulmuşdur.






