Azərbaycanda qış turizm mövsümünə start verilib
16 dekabr 2024 | 17:54
14-15 dekabrda Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib.
Mediaturun əsas məqsədi Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları, ən son yenilikləri nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, o cümlədən “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaqdır.
İki günlük tədbir çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayının 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 2 milyon 412 min nəfər təşkil etdiyini bildirib.
2024-2026-cı illər üzrə nəzərdə tutulan Turizm Marketinq Strategiyasına əsasən, dörd əsas istiqamət üzrə işlərin həyata keçirildiyini deyən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov ölkə turizminin təbliği və təşviqi baxımından yeni hədəf bazarlarının araşdırılması, turizm bazarlarına çıxışın asanlaşdırılması və mövcud turizm bazarlarında aktivliyin artırılması istiqamətində aktiv işlərin aparıldığını qeyd edib.
2025-ci ildə “Şahdağ”ın beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi edəcəyini qeyd edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov mövsüm qabağı yeni infrastruktur layihələrinin həyata keçirildiyini, modernləşdirilmə işlərinin aparıldığını, həm kompleksin ərazisində olan otellərin, həm də kanat xətlərinin, eləcə də qonaqlara təqdim olunan müxtəlif qış əyləncələrininin və atraksionlarının tam hazır vəziyyətə gətirildiyi bildirib. O son illər beynəlxalq bazarlarda aparılan uğurlu təşviqat işlərinin nəticəsində kompleksə səfər edənlərin sayında müsbət dinamikanın olduğunu, həm də ölkələrin coğrafiyasının genişləndiyini qeyd edib.
Qış və yay mövsümlərində “Şahdağ” Turizm Mərkəzinin təbliği və təşviqi istiqamətində həyata keçirilən əsas fəaliyyətlərdən biri də yerli turizm şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafıdır. Bu məqsədlə il ərzində onlar üçün bir neçə dəfə tanışlıq məqsədli infoturlar təşkil edilir. Eyni zamanda xarici turizm sərgilərində Şahdağ əməkdaşlarının iştirakı təmin olunur, yeni tərəfdaşlıq əlaqələri qurulur,iş birliyi yaradılır.
Qeyd edək ki, 2025-ci ildə qış mövsümü çərçivəsində “Şahdağ” Turizm Mərkəzi tərəfindən və ya onun ərazisində bir sıra sosialyönümlü və idman tədbirlərinin təşkili nəzərdə tutulub. Belə ki, növbəti ildə ənənəvi olaraq keçirilən xizək və snoubord üzrə həvəskarlar arasında Heydər Əliyev Kuboku və Xizək Alpinizmi üzrə Dünya Kuboku yarışının, Avrasiya Dağ Kurortları Alyansı sammitinin, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbirlərin keçirilməsi istiqamətində işlər həyata keçiriləcək.
Bu gün “Şahdağ” Turizm Mərkəzinin qarşıya qoyduğu əsas hədəfi yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, eləcə də yeni məhsullar hazırlamaq, xüsusi olaraq Şahdağın təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdir.