Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından beş il ötür
27 sentyabr 2025 | 16:10
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi tarixləşdirilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
27 Sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi Qusar rayonunda da şəhidlərimizin xatirəsi yad edilib. Anım Günündə Qusar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir Şəhidlər xiyabanının ziyarət edilməsi ilə başlamışdır. Şəhid məzarlarının önünə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunulmuş, şəhidlərin əziz xatirələri yad olunmuşdur.
Anım günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası keçirilmiş, 114 ədəd həmişəyaşıl ağac tingi əkilmişdir.
Rayon ərazisində saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.






