Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günündə xatirəsi yad edilmişdir
Noyabrın 24-də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günündə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul şəxsləri, bir sıra müəssisə rəhbərləri və şəhidin ailə üzvləri tərəfindən Qusar Şəhidlər Xiyabanında Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsinə başsağlığı diləyib, Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söhbət açmışdır. Şəhidin Vətən qarşısında xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu qeyd etmişdir. Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirmişdir. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanmış, 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olmuş, Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra fevralın 6-da doğulduğu Qusar şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalamışdır. Şəhidin adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilmişdir.






