Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Bənövşə” gölü su anbarında bərpa və yenidənqurma işlərinə start verilib

06 fevral 2026 | 16:45
Fevralın 6-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı aparatının məsul əməkdaşları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə birlikdə rayon ərazisində yerləşən “Bənövşə” gölü su anbarının yenidənqurma və bərpası ilə əlaqədar görülən işlərin gedişatı ilə yerində tanış olmuşdur.
Qusar şəhərində "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi" 2016-cı ildə başa çatdıqdan sonra istifadəsiz qalaraq qurumuş “Bənövşə” gölü su anbarının bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, dövlət büdcəsindən ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır. Layihə üzrə podratçı təşkilatın müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq tender proseduru həyata keçirilmişdir. Müvafiq tender prosesindən sonra seçilmiş podratçı təşkilat tərəfindən su anbarının bərpası işlərinə başlanılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov görüləcək işlərlə bağlı ətraflı məlumat alıb, layihənin keyfiyyətlə və müəyyən edilmiş vaxt çərçivəsində icra olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, “Bənövşə” gölü su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində ümumilikdə 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda - su anbarının bərpası layihəsinin birinci mərhələsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Növbəti mərhələlərdə içməli su təminatında ciddi problemlər yaşanan Köhnə Xudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin də bu anbara qoşulması nəzərdə tutulur.
Rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri rayon rəhbərliyi tərəfindən həyata keçirilən təşəbbüsü yüksək qiymətləndiriblər. Onlar uzun illər istifadəsiz qalmış su anbarının yenidən bərpasını rayon üçün əlamətdar hadisə kimi dəyərləndirərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, su ehtiyatlarından səmərəli istifadə, ətraf mühitin qorunması və gələcəkdə bu sahənin daha da təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini səsləndiriblər.
Keçidlər