Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə cəmiyyətin təməlidir” adlı maarifləndirici tədbir keçirilib
18 may 2026 | 20:41
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub.
Beynəlxalq Ailə Gününün təsis olunmasının əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğidir.
Mayın 15-də Qusar Rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə cəmiyyətin təməlidir” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, uzun illər “Qusar” qəzetinin baş redaktoru olmuş əməkdar jurnalist Vidadi Sevzixanov, Qusar 1 saylı Mediasiya Təşkilatının sədri Radik Kazımov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar və ümumtəhsil müəssislərinin şagirdləri iştirak etmişdir.
Çıxış edən natiqlər ailənin cəmiyyətin əsas özəyi olduğunu vurğulayaraq bildiriblər ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məhz ailədən başlayır. Natiqlər qarşılıqlı sevgi, hörmət və etimad üzərində qurulan ailə modelinin sağlam cəmiyyətin təminatı olduğunu qeyd ediblər. Çıxışlarda dövlətin ailə siyasətinin əsas istiqamətləri, ailə münaqişələrinin qarşısının alınmasında mediasiya mexanizmlərinin rolu, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi formalaşmasındakı əhəmiyyəti geniş müzakirə olunub. Qeyd edilib ki, dövlət başçımız cənab İlham Əliyev ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır.
Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib, sərgiyə baxış keçirilib.






