Bilik, mədəniyyət və dəyərlərin vəhdəti: Qusarda “Oxu Bayramı”
11 iyun 2025 | 18:20
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qusar rayonunda silsilə maarifləndirici və mədəni layihələr uğurla davam etdirilir.
İyunun 11-də Qusar şəhər Nəriman Nərimanov adına Mərkəzi İstirahət Parkında Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Oxu Bayramı” keçirilib.
Gənc nəslin mütaliəyə marağının artırılması, milli-mənəvi dəyərlərimizin təbliği, eyni zamanda ümummilli lider Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil olunan tədbir Qusar ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət olunaraq, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Daha sonra Nəriman Nərimanov parkında davam etdirilən tədbirdə müxtəlif mövzularda və dillərdə nəşr olunmuş kitabların nümayiş etdirildiyi sərgiyə baxış keçirilib. Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Müəssisələri ilə iş sektorunun baş məsləhətçisi – Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva və digər natiqlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz rolundan, onun milli-mənəvi dəyərlərin qorunması və gənclərin intellektual inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman elmə, biliyə, kitaba və ziyalılığa yüksək qiymət verib, cəmiyyətin tərəqqisini savadlı və maarifli insan kapitalının formalaşdırılmasında görüb. Məhz bu baxımdan, Ulu Öndərin anadan olmasının 102 illiyinə həsr olunmuş "Oxu Bayramı" onun zəngin ideyalarının, maarifçilik irsinin yaşadılması və yeni nəslə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.
Çıxışlar zamanı oxu mədəniyyətinin formalaşdırılması, gənclərdə analitik təfəkkürün, tədqiqat marağının, bədii zövqün inkişaf etdirilməsi istiqamətində kitabxanaların və mədəniyyət ocaqlarının rolu da xüsusi vurğulanıb. Bildirilib ki, "Oxu Bayramı" kimi layihələr bu baxımdan mühüm platformadır və gələcəkdə bu tədbirlərin daha geniş miqyasda təşkili vacibdir.
Tədbirin davamında yerli sənətçilərin ifasında musiqi nömrələri səsləndirilib, rəqs kollektivləri tərəfindən milli rəqs nümunələri təqdim olunub. Musiqili kompozisiyalar tədbirə xüsusi ovqat qataraq, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda fəal oxuyucular diplomlarla təltif olunaraq, onların mütaliəyə olan marağı və təşəbbüskarlıqları yüksək qiymətləndirilib.