Cəmiyyətin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi sağlamlıq risklərinin qarşısını almağın əsas şərtidir
02 dekabr 2025 | 18:33
Müasir dövrdə qida təhlükəsizliyi yalnız insan sağlamlığının qorunması ilə məhdudlaşmır, həm də ictimai rifahın, iqtisadi sabitliyin və dayanıqlı inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Qida məhsullarının tədarükündən istehlakına qədər uzanan bütün mərhələlərdə təhlükəsizlik tələblərinə riayət olunması sağlam cəmiyyət modelinin formalaşmasında əsas şərtlərdən biridir. Bu sahədə maarifləndirmə və düzgün vərdişlərin təşviqi istehlakçıların hüquqlarının qorunmasına, həmçinin qida mənşəli xəstəliklərin və risk faktorlarının minimuma endirilməsinə xidmət edir.
1 dekabr 2025-ci il tarixdə Qusar Peşə Liseyində tələbələrin sağlam həyat tərzi barədə məlumatlılığının artırılması, qida təhlükəsizliyi sahəsində düzgün davranış vərdişlərinin formalaşdırılması və bu istiqamətdə maarifləndirmənin genişləndirilməsi məqsədilə “Sağlam qida nədir? Qida təhlükəsizliyi niyə vacibdir?” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə qida təhlükəsizliyinin insan sağlamlığının qorunmasında, qida zəncirinin bütün mərhələlərində risklərin minimuma endirilməsində və ictimai sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasında oynadığı strateji rol və balanslı qidalanmanın, gündəlik enerji tələbatının düzgün formalaşdırılmasının əhəmiyyəti ilə bağlı geniş məlumat verilmiş, qida məhsullarının daşınma, saxlanma və hazırlanma proseslərində sanitariya-gigiyena normalarına riayət edilməsinin vacibliyi, temperatur rejiminin pozulmasının və çirklənmə risklərinin yaratdığı təhlükələr elmi əsaslarla şərh edilmiş və tələbələrin sualları cavablandırılmışdır.






