“Çempion ailələr” layihəsi çərçivəsində intellektual yarış keçirilib
21 may 2026 | 09:20
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı və Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mayın 19-da Qusar Rayon Heydər Əliyev Mərkəzində “Çempion ailələr” layihəsi çərçivəsində intellektual yarış keçirilib. Yarışın keçirilməsində məqsəd ailə institutunun cəmiyyətdəki rolunu gücləndirmək, milli-mənəvi dəyərlərə sadiq, nümunəvi ailələri ictimaiyyətə tanıtmaq, ailələr arasında sağlam rəqabət və həmrəylik mühitini formalaşdırmaqdır.
Yarışda Qusar rayonu üzrə seçilmiş 10 fəal ailə iştirak edib. İştirakçı ailələr müxtəlif mövzularda suallar ətrafında öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən I yerə Qurbanovlar ailəsi layiq görülüb. II yeri İsabalayevlər ailəsi tutub, III yerin qalibi isə Mövlanovlar ailəsi olub.
Yarışın sonunda qalib və digər iştirakçı ailələrə diplomlar və hədiyyələr təqdim edilib.






