Çiləgir kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü keçirilib
13 noyabr 2026 | 17:36
Noyabrın 13-də Qusar rayonunun Çiləgir kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
Görüşün əsas məqsədi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini gənc nəslə daha yaxından tanıtmaq, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda nümayiş etdirilən misilsiz fədakarlıq nümunələrini şagirdlərin diqqətinə çatdırmaq olub.
Görüş zamanı Vətən müharibəsi iştirakçıları hərbi əməliyyatların gedişi və tarixi Zəfərə aparan mürəkkəb döyüş yolu barədə xatirələrini bölüşüblər. Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində xalq-ordu birliyinin, milli həmrəyliyin və Azərbaycan əsgərinin yüksək döyüş ruhunun həlledici əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə məktəblilərin ünvanladıqları suallar ətraflı cavablandırılıb. Eyni zamanda, şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi, qazilərin və müharibə iştirakçılarının keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılması, Vətənə sədaqət və dövlətçilik ənənələrinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.
Sonda məktəbin hərbi rəhbəri Hacıyev Qadir Xasay oğlu şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə görə fəxri fərmanla təltif edilib.






