Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda konfrans keçirilib

19 iyun 2025 | 17:51
“Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda konfrans keçirilib
İyunun 19-da Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda regional konfrans keçirilib.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Regional konfrans çərçivəsində 15 iyun Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, ilahiyyatçılar, dini icma sədrləri, Qusar, Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarından olan din xadimlərinin iştirakı ilə baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov çıxışında konfransın əhəmiyyətinə toxunaraq, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində görülən işlərdən, eləcə də mövcud problemlərdən bəhs edib. Bildirilib ki, xalqımızın əsrlər boyu formalaşdırdığı və bu günədək qoruyub saxladığı tolerantlıq ənənələri Azərbaycanın ən dəyərli mənəvi sərvətlərindəndir. Qeyd olunub ki, dini sahədə maarifləndirmə işinin gücləndirilməsi, xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən uzaq tutulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə məktəblərin və ali təhsil müəssisələrinin üzərinə ciddi vəzifələr düşür, çünki sağlam düşüncəli, milli-mənəvi dəyərlərə bağlı gənc nəslin formalaşmasında təhsil sistemi əsas rol oynayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında vurğulayıb ki, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal proseslərlə ayaqlaşaraq, öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olub. Qeyd edilib ki, ənənələri qorumaqla müasir dünyanın reallıqları ilə uyğunlaşmaq arasında mövcud sərhədləri dəqiq müəyyən etmək üçün cəmiyyətimizin daha çox maariflənməyə ehtiyacı var. Bu baxımdan, dini-mənəvi dəyərlərin düzgün təbliği və elmi əsaslarla izahı, cəmiyyətin radikal təsirlərdən qorunmasında mühüm rol oynayır.
Milli Məclisin deputatı Anatoliy Rafailov diqqətə çatdırıb ki, Azərbaycanda multikultural dəyərlərin qorunması və dinlərarası hörmət dövlət siyasətinin əsas istiqamətlərindəndir. O qeyd edib ki, bu dəyərlərin davamlılığı cəmiyyətin düzgün maarifləndirilməsindən birbaşa asılıdır.
Milli Məclisin deputatı Azər Badamov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə multikultural dəyərlərin qorunması və tolerant mühitin formalaşdırılması istiqamətində aparılan dövlət siyasəti bu gün də uğurla davam etdirilir və xüsusilə gənclərin zərərli təsirlərdən qorunması, dini radikalizmə qarşı effektiv mübarizə baxımından maarifləndirmə işinin sistemli şəkildə təşkili olduqca vacibdir. Təhsil müəssisələri, media və dini icmalar bu prosesdə əsas rol oynamalıdır.
Regional konfrans işini panel iclasları ilə davam etdirib. Birinci paneldə Azərbaycanda ənənəvi dini mühit və ona qarşı təhdidlər, ikinci paneldə dini radikalizmin yaranma səbəbləri və ictimai təsirləri ilə bağlı məruzələr dinlənilib, çıxışlar edilib.
Keçidlər