Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qusarda vətəndaşları qəbul edib
20 may 2026 | 18:57
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 20-də Qusar rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən vətəndaş qəbulu zamanı Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini təhsil, icmaların dini təyinatlı ədəbiyyatlarla təmin edilməsi, maarifləndirmə işinin genişləndirilməsi, dini təyinatlı ədəbiyyatın nəşri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.






