Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin təşkilatçılığı ilə əməyin mühafizəsi sahəsində maarifləndirici tədbir keçirilib
24 iyun 2026-cı il tarixində Qusar şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin təşkilatçılığı ilə əməyin mühafizəsi sahəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbə müdirinin müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi Tənqiz Nəzərov, Təlimlərin təşkili və texniki dəstək departamentinin müdir müavini Səbuhi Tahirov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi Vüsal Mütəllimov, eləcə də işəgötürənlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tənqiz Nəzərov əməyin mühafizəsinin əhəmiyyətindən danışaraq bu sahədə maarifləndirmə işlərinin vacibliyini vurğulayıb. Daha sonra iştirakçılara əməyin mühafizəsi üzrə qanunvericiliyin tələbləri, əməyin mühafizəsi norma, qayda və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları, müvafiq dövlət standartları, həmçinin ƏMAS sisteminin imkanları və son yenilikləri barədə təqdimatlar edilib.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tətbiqi və iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı ətraflı məlumat verilib.
Maarifləndirici tədbirin əsas məqsədi işəgötürənlərin və digər maraqlı tərəflərin əməyin mühafizəsi sahəsində məlumatlılığının artırılması, təhlükəsiz əmək mühitinin təşviqi, habelə elektron xidmətlərdən istifadənin genişləndirilməsi olub.






