Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqinə dair maarifləndirici tədbir keçirilib
23 sentyabr 2026 | 19:06
Azərbaycan dili xalqımızın milli varlığını, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini yaşadan mühüm sərvətlərdən biridir. Dövlət dili kimi onun qorunması, inkişaf etdirilməsi və ədəbi dil normalarına uyğun işlədilməsi cəmiyyətin bütün sahələrində diqqət tələb edir.
Sentyabrın 23-də Qusar Rayon Mərkəzi Kitabxanasında təhsil və mədəniyyət müəssisələrinin əməkdaşlarının da iştirakı ilə Qusar Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev dövlət idarəçiliyində Azərbaycan dilinin dil normalarına uyğun düzgün tətbiqinin əhəmiyyətindən danışıb. Bildirilib ki, dövlət qurumlarında hazırlanan rəsmi sənədlər, yazışmalar və ictimaiyyətə təqdim olunan məlumatlar dövlət dilinin işlədilmə səviyyəsinin mühüm göstəricilərindəndir. Bu baxımdan fikrin aydın, dəqiq və düzgün ifadə olunması, Azərbaycan ədəbi dilinin norma və qaydalarına riayət edilməsi hər bir dövlət orqanı işçisinin peşəkar məsuliyyətinin mühüm tərkib hissəsidir. Çıxış zamanı Azərbaycan dilinin dövlət dili kimi inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin dövlətçilik siyasətində Azərbaycan dilinin qorunması, inkişafı və ictimai həyatın bütün sahələrində fəal tətbiqinin təşviqi mühüm yer tutub.
Rayon Mərkəzi Kitabxanasının direktoru Gültəkin Pənahova çıxışında Azərbaycan dilinin düzgün istifadəsi və təbliğinin cəmiyyətin bütün sahələrində çalışan insanların məsuliyyətindən irəli gəldiyini bildirib. O, kitabxanaların yalnız mütaliə və informasiya məkanı olmadığını, eyni zamanda oxu mədəniyyətinin, düzgün nitq vərdişlərinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib.
Daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Atluxanova, şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Lali Rəfiyeva və Rayon Mərkəzi Kitabxanasının əməkdaşı Leyla Məmmədova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda dövlət idarəçiliyində rəsmi sənədlərin, mediada yayımlanan informasiya və jurnalist materiallarının geniş auditoriyaya çatdığı nəzərə alınaraq, həmin mətnlərdə ədəbi dil normalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Medianın və müasir informasiya vasitələrinin cəmiyyətdə kommunikasiya vasitəsi kimi mühüm roluna toxunan natiqlər qeyd ediblər ki, bu gün dövlət qurumlarının rəsmi internet səhifələri və sosial şəbəkə hesabları vasitəsilə yayılan məlumatlar geniş ictimaiyyətə operativ şəkildə çatdırılır. Media və rəqəmsal informasiya platformaları cəmiyyətdə dilə münasibətin formalaşmasına təsir göstərən mühüm vasitələr olduğundan burada ədəbi dil normalarına əməl olunması, həmin platformalarda təqdim olunan informasiyanın yalnız məzmun baxımından dəqiq deyil, həm də dil və üslub baxımından düzgün hazırlanması mühüm əhəmiyyət daşıyır.
Sonda vurğulanıb ki, Azərbaycan ədəbi dilinin qorunması, inkişaf etdirilməsi və düzgün tətbiqi ayrı-ayrı şəxslərin deyil, cəmiyyətin bütün üzvlərinin üzərinə düşən ümumi məsuliyyətdir.






