“Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda tədbir keçirilib
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində sentyabrın 25-də Qusar Peşə Liseyində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Politoloqlar Klubu və Qusar Peşə Liseyinin birgə təşkilatçılığı ilə liseyin pedaqoji kollektivi və şagirdlərin də iştirakı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan Qusar Peşə Liseyinin direktor əvəzi Nadir Nurullayev tədbirin təşəbbüskarlarına minnətdarlığını ifadə edərək, belə müzakirələrin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.
Ardınca Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova və Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov geniş çıxış edərək Azərbaycan dövlətinin suverenlik təcrübəsindən, xalqımızın birliyinin sarsılmaz dayaqlarından söz açmışlar. Natiqlər 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin dövlətçilik ənənələrimizin davamlılığını, xalq-dövlət vəhdətinin gücünü nümayiş etdirdiyini xüsusi vurğulamış, həmçinin politologiya elminin müasir cəmiyyətin inkişafında rolu barədə məlumat vermişlər.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Mirzəyeva, politoloq Zaur İbrahimli milli kimlik və xalq birliyi, dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasəti, eləcə də peşə təhsilinin strateji əhəmiyyəti ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsi Azərbaycanın gələcək inkişafının mühüm təminatıdır. Müstəqillik illərində Azərbaycanın inkişaf strategiyasında xüsusi yeri tutan gənclər siyasəti bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Tədbir interaktiv diskussiya şəraitində davam edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və şagirdlərin sualları cavablandırılıb.






