Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib
28 mart 2025 | 20:15
Ölkəmizdə təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.
Dövlət Təhlükəsizliyi Xidməti bu gün müstəqil Azərbaycan dövlətinin milli maraqlarının, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən məsul vəzifələri yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirir.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 106-cı ildönümüdür. Bu münasibətlə Dövlət Təhlükəsizlik Xidmətinin Qusar Rayon şöbəsinin inzibati binasında DTX işçilərinin peşə bayramı qeyd olunub.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizlik Xidmətinin Qusar Rayon şöbəsinin kollektivi, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan Respublikasının Təhlükəsizlik orqanlarının yaranmasının 106 illiyi münasibətilə DTX-nin Qusar Rayon Şöbəsinin əməkdaşlarını təbrik edib, ölkəmizin milli maraqlarının təmin olunması, sabitliyin və əmin-amanlığın qorunması istiqamətində dəyərli fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra xidmətdə fərqlənən DTX-nin Qusar Rayon Şöbəsinin bir qrup əməkdaşı Qusar Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Fəxri fərmanla təltif olunan əməkdaşlar onların əməyinə verilən qiymətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bundan sonra da müstəqil Azərbaycanın inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.