Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Dövlətə və xalqa sədaqətin nümunəsi: Qusarda 2 İyul - Polis işçilərinin peşə bayramı qeyd olundu

02 iyul 2025 | 17:05
Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarının ən önəmli qurumlarından biri olan Daxili İşlər Nazirliyinin yaradılmasının ildönümü ilə əlaqədar olaraq hər il 2 iyul tarixi ölkəmizdə Polis işçilərinin peşə bayramı kimi qeyd olunur. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə təsis olunan bu əlamətdar gün dövlətə və xalqa sədaqətlə xidmət edən Azərbaycan polisinin əməyinə verilən yüksək dəyərin göstəricisidir. Bu gün Azərbaycan polisi dövlətimizin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində peşəkar fəaliyyəti ilə cəmiyyətin etimadını qazanmışdır.
2 iyul 2025-ci il tarixində Qusar rayonunda Polis işçilərinin peşə bayramı münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, Milli Məclisin deputatı Anatoliy Rafailov, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qusar Rayon Polis Şöbəsinin kollektivi, veteran polis əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilib. İlk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.
Rəsmi tədbir daha sonra Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib. Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov bütün polis əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. Qeyd edilib ki, bu gün ölkədə sabitliyin və əmin-amanlığın əsas təminatçılarından biri kimi mühüm missiya daşıyan Azərbaycan polisi Prezident İlham Əliyevin bu sahədə ardıcıl və məqsədyönlü siyasəti nəticəsində cəmiyyətə xidmət baxımından nümunəvi bir quruma çevrilmişdir.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, o cümlədən şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Əfəndiyev 2 İyul – Polis işçilərinin peşə bayramının Azərbaycan polisinin fəaliyyətinə verilən yüksək qiymətin və dövlət səviyyəsində göstərilən diqqət və ehtiramın bariz nümunəsi olduğunu qeyd edib. Vurğulanıb ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları da bu ali peşəyə sadiq qalaraq, cəmiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində səylə çalışır, əhalinin hüquqi müdafiəsi və ictimai sabitliyin qorunması üçün zəruri tədbirləri həyata keçirirlər. Azər Əfəndiyev bütün əməkdaşlara göstərdikləri fədakar xidmətə görə təşəkkür edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 2 İyul-Polis işçilərinin peşə bayramı münasibətilə şəxsi heyətə ünvanladığı təbriki səsləndirib.
Milli Məclisin deputatı Anatoliy Rafailov nitqində Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə çıxış edən Qusar rayon prokuroru Elxan Əbdürrəhimov qeyd edib ki, prokurorluq orqanları ilə polis strukturları arasında formalaşmış əməkdaşlıq rayonda ictimai asayişin təmin olunması istiqamətində əhəmiyyətli nəticələr verir. Azərbaycan polisi uzun, tarixi və şərəfli bir inkişaf yolu keçərək cəmiyyətin etimadını qazanmış, dinamik dəyişən təhlükəsizlik çağırışlarına çevik cavab verən peşəkar quruma çevrilmişdir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov və polis veteranı Talim Yarmətov Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolundan, bu peşənin dövlət və cəmiyyət üçün daşıdığı strateji əhəmiyyətdən bəhs ediblər. Qeyd olunub ki, polis orqanları təkcə asayişin qoruyucusu deyil, eyni zamanda vətəndaşlarla dövlət arasında etibarlı körpü funksiyasını yerinə yetirən sosial institutdur.
Tədbirin sonunda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov polis işçilərini bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xidməti vəzifələrinin icrasında fərqlənən bir qrup polis əməkdaşı Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub, bir neçə əməkdaşa isə nümunəvi xidmətlərinə görə qiymətli hədiyyələr təqdim edilib.
Keçidlər