"Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhalinin fiziki aktivliyinin artırılması" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
29 noyabr 2025 | 21:05
Qusar rayonunda "Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhalinin fiziki aktivliyinin artırılması" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Noyabrın 27-də Qusar Rayon Mərkəzi Xəstəxanasında Qusar Rayon İcra Hakimiyyəti və Qusar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə "Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhalinin fiziki aktivliyinin artırılması" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, həmçinin rayonun tibb, təhsil, mədəniyyət və digər sahələrində çalışan əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində fiziki aktivliyin əhali arasında sağlam həyat tərzinin təşviqində rolu, oturaq həyat tərzinin yaratdığı risklər, iş yerlərində sadə fiziki hərəkətlərin tətbiqi və xəstəliklərin profilaktikası barədə mütəxəssislər tərəfindən ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, gündəlik 20–30 dəqiqəlik aktivlik ürək-damar xəstəlikləri, artıq çəki və digər xroniki problemlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Çıxışlar zamanı stressin azaldılması, düzgün qidalanma və iş mühitində sağlamlıq yönümlü vərdişlərin formalaşdırılması ilə bağlı tövsiyələr səsləndirilmişdir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.






