Əhalinin sosial rifahına yönələn siyasətin davamı – Avaran kəndi mavi yanacaqla təmin olundu
03 oktyabr 2025 | 18:32
Respublika ərazisində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində Respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bütün ölkə ərazisində olduğu kimi Qusar rayonunda da əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Rayonumuzun 90 yaşayış məntəqəsindən qazlaşdırılmış məntəqələrin sayı 49-a çatır. Bu il bu siyahıya Mucuq və Avaran kəndləri də əlavə olunmuş və daha bir kəndin - Xürel kəndinin də qazlaşdırılmasına başlanılmışdır. Növbəti ildə daha bir neçə kəndin qazlaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Oktyabrın 3-də Qusar rayonunun Avaran kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir baş tutmuşdur. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin katibi Eldəniz Vəliyev, Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, podratçı təşkilatın rəhbəri Oruc Rüstəmov, eləcə də rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov bu əlamətdar gün münasibətilə bütün kənd sakinlərini təbrik edib. Dövlətimizin regionların sosial-iqtisadi inkişafı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr haqqında ətraflı məlumat verən icra başçısı şəhər və kənd yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, su infrastrukturunun yenilənməsi kimi layihələrin sakinlərin həyat şəraitinin yaxşılaşdırılması, regional infrastrukturun müasirləşdirilməsi və sosial rifahın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Rayon rəhbəri layihənin həyata keçirilməsində əməyi olan bütün qurumlara və şəxslərə təşəkkürünü bildirmişdir.
“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin katibi Eldəniz Vəliyev, Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, “BAKQAZ” MMC podratçı təşkilatın rəhbəri Oruc Rüstəmov kənd sakinlərini təbrik edərək, qaz layihəsi ilə bağlı ətraflı məlumat vermiş, dövlətin enerji siyasətinin regionlarda da ardıcıl həyata keçirildiyini və bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıblar. Qeyd edilib ki, layihə çərçivəsində 382 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün magistral və məhəllə qaz xətləri çəkilmiş, qaz tənzimləyici şkaflar, sayğaclar və digər avadanlıqlar quraşdırılmış və bu istiqamətdə işlər davam etdirilir.
Açılış mərasimində çıxış edən kənd sakinləri onların sosial rifah halının yüksəldilməsi, rahat həyat şəraitinin təmin olunmasına, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, uzun müddətdir əziyyət çəkdikləri problemin həllinə-Avaran kəndinə təbii qazın verilməsinə görə rayon rəhbərliyinə, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə və bu işdə əməyi keçən bütün digər aidiyyəti qurumlara minnətdarlıqlarını bildiriblər.
Ardınca şəhid Radik Şeydabəyovun qardaşı Ramik Şeydabəyov, şəhid Caviddin Azayevin qardaşı Fərəddin Azayev Avaran kəndinə təbii qazın verilişinin rəmzi olan məşəli yandırıblar.
Tədbir rayon özfəaliyyət kollektivlərinin təqdimatında konsert proqramı ilə davam etdirilib
Rayon rəhbərliyinin iştirakı ilə kənd sakini Gülməhəmməd Hacıyevin evində qaz yandırılıb.






