Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir
17 mart 2025 | 18:00
Qusar rayonunda enerji təhlükəsizliyi, əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Qusar Elektrik Şəbəkəsi tərəfindən mütəmadi olaraq qəzalı vəziyyətdə olan dayaqlar dəyişdirilərək yenisi ilə əvəz olunur, yeni standartlara uyğun elektrik naqilləri çəkilir, istismar müddəti bitmiş sayğaclar yenilənir və digər işlər həyata keçirilir.
Qusar Elektrik Şəbəkəsi üzrə dairəvi elektrik sxeminin yaradılması, artan güc tələbatının qarşılanması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Qusar 110/35/10 kv-luq yarımstansiya ilə Qusar 35/10 kv-luq yarımstansiya arası iki dövrəli 35 kv-luq Elektrik Verilişi Xəttinin 35 kv-luq kabel hissəsinin çəkilməsi işləri yekunlaşmaqdadır.
Qusar rayon İcra Hakimiyyətinin başçısı və RİH başçısı Aparatının məsul şəxsləri görülən işlərlə yerində tanış olublar. Bildirilib ki, şəhərin əsas hissəsini, Çiləgir və Urva kəndlərin enerji təchizatını həyata keçirən, 1953-cü ildən istismarda olan Qusar 35/10 kv-luq yarımstansiyanın yenidən qurulması, 35/10 kv-luq transformatorların gücünün artırılması, 35 və 10 kv-luq yeni müasir standartlara cavab verən avadanlığın quraşdırılması işlərinin görülməsi nəzərdə tutulmuşdur. Elektrik şəbəkələrinin yenidənqurulması işləri yarımçıq qalmış 5 kənddən 2-də işlər başa çatdırılmış, daha birisində yaxın günlərdə, digər 2-də ayın sonuna kimi başa çatdırılması nəzərdə tutulur. 2025-ci ildə daha 10 kəndin elektrik şəbəkələrinin yenidən qurulması həyata keçiriləcəkdir.