Elm və Təhsil nazirinin müavini Quba-Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, nazir müavini Firudin Qurbanov Ulu Öndər Heydər Əliyevin Qusar rayonundakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Quba, Qusar və Xaçmaz rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi və digər məsələlərlə bağlı müraciətlərini ünvanlayıblar.
Nazir müavini vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
Rayonda yerləşən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüşən nazir müavini Vətən müharibəsi iştirakçıları və müharibədə iştirak etmiş təhsil işçilərinin hər zaman dövlətin, həmçinin Elm və Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri T. İsmayılov adına 6 nömrəli tam orta məktəbdə olub. Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib.
Daha sonra Qusar rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov və nazir müavini Firudin Qurbanovun da iştirakı ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə rayon üzrə təhsil göstəriciləri və bu sahədə əsas hədəflər müzakirə olunub.
Tövsiyələri ilə çıxış edən nazir müavini Firudin Qurbanov bildirib ki, qarşıda duran prioritet məsələ XXI əsrin tələblərinə cavan verən bilik və bacarıqlara, hərtərəfli dünyagörüşünə malik, Vətənin müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında rayonda təhsilin inkişaf etdirilməsi və tədrisin təşkili ilə bağlı təkliflərini səsləndirib və görülən işlər barədə məlumat verib.
Görüşdə, həmçinin 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında region üzrə ən yüksək nəticə əldə etmiş ümumi təhsil müəssisələrinin rəhbərləri və buraxılış imtahanlarında Qusar rayonu üzrə ən yüksək bal toplayan şagirdlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.