Əmək qanunvericiliyinin tətbiqi və əməyin mühafizəsi mövzusunda maarifləndirici tədbir keçirilib
30 iyun 2025 | 18:44
30 iyun 2025-ci il tarixində Qusar rayonunda əmək münasibətlərinin tənzimlənməsi, əməyin mühafizəsi və əməkhaqqı siyasətinin qanunvericiliyə uyğun həyata keçirilməsi mövzusunda maarifləndirici tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının inzibati binasında təşkil olunan tədbir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin təşkilatçılığı ilə reallaşdırılıb.
Əmək qanunvericiliyinin əsas müddəalarının, əməkhaqqının düzgün hesablanması və ödənilməsi mexanizmlərinin, habelə iş yerlərində əməyin mühafizəsi üzrə mövcud tələblərin işəgötürənlər və işçilər arasında geniş təbliği, bu sahədə praktik maarifləndirmənin gücləndirilməsi məqsədilə təşkil olunan tədbirdə iştirakçılara əmək münasibətlərinin hüquqi çərçivəsi, əməyin mühafizəsi sahəsində dövlət nəzarəti mexanizmləri və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində nəzərdə tutulan tələblər ətraflı şəkildə izah edilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elşad Aslanxanov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərov və digər natiqlər əmək münasibətlərinin tənzimlənməsi, işçilərin hüquqlarının müdafiəsi və işəgötürənlərin qanunvericilik qarşısında öhdəlikləri barədə ətraflı məruzələrlə çıxış ediblər. Qeyd edilib ki, son illərdə əmək münasibətlərində şəffaflığın təmin olunması, qeyri-formal məşğulluğun azaldılması və təhlükəsiz əmək şəraitinin yaradılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Tədbirin yekun hissəsində çıxış edən Təngiz Nəzərov Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin fəaliyyəti üzrə statistik məlumatları təqdim etmiş, bölgədə əmək hüquqlarının təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.






