“Əməkdar mədəniyyət işçisi” Zalikə Qayıbxanova 75 illik yubileyi münasibətilə təbrik edilib
27 oktyabr 2026 | 18:17
Oktyabrın 27-də Qusar bələdiyyəsinin sədr müavini, “Əməkdar mədəniyyət işçisi” Zalikə Nürəddin qızı Qayıbxanova 75 illik yubileyi münasibətilə təbrik edilib.
Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, RİH Başçısı Aparatının digər məsul şəxsləri, Qusar bələdiyyəsinin sədri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə yubilyara rayon rəhbərinin təbrikləri çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Ceyhun Hacıyev Zalikə Qayıbxanovanın uzun illər ərzində rayonun mədəniyyət sahəsində çalışaraq xalçaçılıq ənənələrinin yaşadılmasına, milli-mədəni irsimizin qorunmasına və inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. Onun “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsinin çoxillik zəhmətinin və peşəkar fəaliyyətinin təzahürü olduğu qeyd edilib. Həmçinin yubilyarın bələdiyyə sahəsində davam etdirdiyi səmərəli fəaliyyəti, zəngin təcrübəsi və ictimai xidmətləri yüksək qiymətləndirilib.
Sonda Zalikə Qayıbxanova 75 illik yubileyi və uzunillik səmərəli fəaliyyətinə görə Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.






