Etimad, peşəkarlıq və xidmətə dəyər prinsipləri əsasında formalaşan kadr siyasəti davam etdirilir
21 iyun 2025 | 18:23
Ölkəmizdə dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının gücləndirilməsi və idarəetmədə çevikliyin təmin olunması məqsədilə ardıcıl kadr islahatları həyata keçirilir.
Qusar Rayon İcra Hakimiyyətində də bu istiqamətdə zəruri struktur və kadr dəyişiklikləri aparılmış, bir sıra məsul vəzifələrə yeni təyinatlar olmuşdur. Həmin şəxslər dövlət qulluğunda göstərdikləri fəaliyyəti və peşəkar hazırlıqları ilə fərqlənmiş, dövlətin etimadını qazanaraq daha yüksək vəzifələrə irəli çəkilmişlər. Bu addım idarəetmənin effektivliyini artırmaq, həm də bölgədə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” Qanununa əsasən, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən göstərdiyi səy, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, vəzifə borcuna və andına sadiqlik dövlət tərəfindən hərtərəfli qiymətləndirilir.
Belə ki, Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Nəcərov Əliyulla Elbrus oğlu Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Bu yüksək mükafat onun dövlət qulluğunda göstərdiyi uzunmüddətli və nümunəvi fəaliyyətinə verilən layiqli qiymətdir. Əliyulla Nəcərov 2014–2024-cü illər ərzində Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin əməkdaşı olmuş, 2024-cü ildən isə həmin şöbənin müdiri vəzifəsinə təyin olunaraq hüquqi idarəetmə sahəsində öz bilik və təcrübəsini uğurla tətbiq etmişdir.
Qusar Rayon İcra Hakimiyyətində digər kadr təyinatları da həyata keçirilib. Aparatın əməkdaşı Kəlbiyev Samir Şair oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş daxili müsahibədən uğurla keçərək informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə layiq görülmüşdür.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində də yeni təyinatlar həyata keçirilib. Belə ki, Əsgərov Zeynal Şixrəhim oğlu Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, Vəlibəyov Radik Səlimbəy oğlu isə Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin olunublar.
Bu təyinatlar icra hakimiyyətinin yerlərdə vətəndaşlara daha operativ, səmərəli və çevik xidmət göstərilməsi məqsədinə yönəlmiş kadr siyasətinin davamıdır. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan kadrların peşəkarlığı, yerli əhalinin problemlərinə yaxından bələd olmaları və idarəetmədə təşəbbüskar yanaşmaları regional idarəçiliyin keyfiyyətinə bilavasitə təsir göstərir.
Qusar Rayon İcra Hakimiyyəti rəhbərliyi adından mükafatlandırılan və yeni vəzifəyə uyğun görülmüş əməkdaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində, çətin və şərəfli işlərində uğurlar arzu edirik.






