Gənclər arasında ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, erkən nikahın və qohumlar arasında nikahın mənfi təsirləri barədə gənclərin maarifləndirilməsi işləri davam etdirilir
27 noyabr 2025 | 16:39
Gənclər arasında ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, erkən nikahın və qohumlar arasında nikahın mənfi təsirləri barədə gənclərin maarifləndirilməsi işləri davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası“na əsasən maarifləndirici tədbirlər davam etdirilir. Noyabrın 25-də Qusar Rayon Mərkəzi Kitabxanasında və noyabrın 27-də Qusar Peşə Liseyində “Gənclər arasında ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, erkən nikahın və qohumlar arasında nikahın mənfi təsirləri barədə gənclərin maarifləndirilməsi” mövzusunda tədbirlər keçirilmişdir.
Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qusar rayonu üzrə gənclər və idman sektorunun, Qusar Rayon Mərkəzi Xəstəxanasının, Qusar 1 saylı Mediasiya Təşkilatının dəstəyi ilə baş tutmuş tədbirlərdə təşkilatçı qurumların əməkdaşlarının da iştirakı ilə tədbir iştirakçılarına mövzu ətrafında ətraflı məlumat verilmişdir.
Tədbirlərdə dövlət tərəfindən gənclərin sağlam mühitdə formalaşması, dünyagörüşlərinin zənginləşdirilməsi, o cümlədən ailələrin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri, sosial və psixoloji fəsadları barədə fikirlər səsləndirilmişdir. Qeyd edilmişdir ki, qanunvericiliyə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların məcburi ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa, həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Erkən nikah həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Tədbirlər çərçivəsində erkən nikahla bağlı hüquqi və tibbi risklər real statistika və faktlarla izah edilmiş, mövzu ilə bağlı maarifləndirici videorolik nümayiş etdirilmiş, iştirakçıların sualları cavablandırılmış, gənclərin sosial məsuliyyətinin artırılması, ailə institutunun möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən bu cür maarifləndirici görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, müasir cəmiyyətin inkişafında sağlam ailə modeli yalnız sosial rifaha deyil, həm də milli-mənəvi indentikliyin qorunmasına mühüm töhfə verir.






