Gənclər üçün "Sağlam Gələcək üçün İstirahət Düşərgəsi" təşkil olunub
05 avqust 2025 | 15:14
Gənclərin hərtərəfli inkişafı, onların savadlı və sosial baxımdan fəal fərdlər kimi formalaşması cəmiyyətin sabahkı rifahının təməlidir. Müasir dövrdə bu istiqamətdə atılan hər bir addım, həyata keçirilən hər bir təşəbbüs gələcək nəsillərin hərtərəfli və məqsədyönlü inkişafına xidmət edir. Elə bu məqsədlə iyul ayının 31-də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə rayonun fəal məktəbliləri üçün "Sağlam Gələcək üçün İstirahət Düşərgəsi" təşkil olunub.
“Rancho” istirahət mərkəzində baş tutan düşərgənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təşviqinə, zərərli vərdişlərə qarşı maarifləndirməyə, psixoloji və fiziki rifahın gücləndirilməsinə, eyni zamanda komanda ruhunun, həmrəyliyin və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək göstərməkdir. Düşərgəyə şəhər və kənd məktəblərindən fəallığı ilə seçilən 18 nəfər şagird cəlb olunub.
Düşərgə proqramı çərçivəsində iştirakçılar üçün müxtəlif maarifləndirici çıxışlar edilib, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin fəsadları barədə interaktiv müzakirələr aparılıb, müxtəlif komanda oyunları, idman yarışları və əyləncəli fəaliyyətlər təşkil olunub.
Gənclərin təhsil və inkişaf prosesinə yanaşmada təkcə akademik biliklərin deyil, sosial vərdişlər, psixoloji sağlamlıq və həyati bacarıqların da eyni dərəcədə diqqət və dəstək tələb etdiyini nəzərə alaraq, belə təşəbbüslər gələcəyin sağlam, hərtərəfli, vətənpərvər vətəndaşlarının formalaşmasında mühüm rol oynayır.






