Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam etdirilir
27 iyul 2026 | 17:00
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə Qusar rayonunda silsilə tədbirlər keçirilir. İyulun 26-da Qusar şəhərinin Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında yerləşən "Isfa Sporting" Şahmat Məktəbində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında şahmat üzrə rayon turniri təşkil olunub. Turnirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri və sektorun əməkdaşları, məşqçi-müəllimlər, həmçinin rayonda fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov iştirakçıları salamlayıb. O, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri və ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsində oynadığı mühüm rol barədə ətraflı məlumat verib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda I, II və III yerləri tutan qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunublar.






