Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir
02 oktyabr 2026 | 18:30
Qusar rayonunda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. Mütəmadi olaraq gənclərin Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri ilə görüşləri təşkil edilir.
Oktyabrın 1-də Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə sektorun inzibati binasında şəhid ailələri və qazilərlə gənclərin görüşü keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov, Vətən müharibəsi qazisi İlkin Abuyev, Qusar rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramin Məcidov, şəhid ailələrinin üzvləri, fəal gənclər iştirak ediblər.
Tədbir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “44 günlük tarix” adlı sənədli film nümayiş etdirilib.
Görüşdə Azərbaycan Ordusunun Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi şərəfli döyüş yolu, xalqımızın həmrəyliyi və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Vətən müharibəsi qaziləri həmin tarixi anların canlı şahidləri kimi öz xatirələrini gənclərlə bölüşüblər.






