Gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində maarifləndirici görüşlər davam etdirilir
03 iyun 2026 | 18:01
Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı bilavasitə gənclərin intellektual, mənəvi və vətənpərvərlik potensialından asılıdır. Sağlam düşüncə və Vətənə bağlılıq ruhu ilə böyüyən gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir. Tarixi təcrübə göstərir ki, dövlətçilik ənənələrinin qorunması və milli dəyərlərin nəsildən-nəslə ötürülməsi üçün gənclərlə məqsədyönlü tərbiyə işinin aparılması zəruridir. Bu baxımdan məktəb illərindən başlayan vətənpərvərlik tərbiyəsi, habelə qəhrəmanlıq tariximizin canlı şahidləri ilə ünsiyyət gənclərin milli kimliyinin formalaşmasında mühüm rol oynayır.
Məhz bu məqsədlə Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi olaraq rayonun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərlə qazilər və Vətən müharibəsi iştirakçılarının görüşləri təşkil olunur. Beləliklə, nəzəri tərbiyə işi praktiki ünsiyyətlə tamamlanaraq daha səmərəli nəticə verir. Növbəti belə görüş iyunun 2-də rayonun Köhnə Xudat kənd tam orta ümumtəhsil məktəbində baş tutub.
Tədbirdə çıxış edən qazilər öz döyüş yolları, cəbhə xatirələrindən danışaraq qeyd ediblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın birliyi, iradəsi və dövlətimizə, ölkə başçımıza olan inamının təzahürüdür.
Qeyd edilib ki, qazilərlə şagirdlərin bir araya gəldiyi bu cür görüşlər formal tədbir deyil. Bu görüşlər sayəsində şagirdlər 44 günlük Zəfər tarixini onun canlı şahidlərindən öyrənirlər.
Tədbirin sonunda məktəbin hərbi rəhbəri Ələkbərov Rüfət Ələkbər oğlu gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Fəxri Fərman ilə təltif olunub. Ona gələcək fəaliyyətində uğurlar arzu edilib.






