Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Güclü yağış və qarın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

23 aprel 2025 | 19:11
Qusar rayonunda 15 və 16 aprel tarixlərində müşahidə olunan güclü yağış və qarın fəsadları, əsasən aradan qaldırılmışdır.
Yuxarı Tahircal və Sudur inzibati ərazi dairəsinə daxil olan 7 kənddə elektrik enerjisinin bərpası işləri davam etdirilir. Son günlərdə böyük həcmli qar kütlələrinin sürətlə əriməsi nəticəsində bir çox çaylarda suyun səviyyəsi artaraq, daşqınlarla səbəb olmuşdur. Samurçay, Qənərçay (Ukurçay) çaylarında baş verən daşqının sahil boyu torpaqları yuyub aparmasının qarşısının alınması məqsədilə ərazilərə ağır texnikalar yeridilmişdir.
Həzrə kəndində çayın kənarında yerləşən tikililərin sel suları tərəfindən yuyulub aparılmasının qarşısının alınması məqsədilə tədbirlər görülmüşdür. Çayda aparılmış tənzimləmə işləri nəticəsində sel suları çayın məcrasına qaytarılıb.
Qusarçayda baş verən daşqının çayın Yuxarı Ləgər kəndi ərazisində yerləşən, Qusar şəhərini içməli su ilə təmin edən sugötürücü qurğulara ziyan verməməsi üçün suyun ərazidən kənarlaşdırılması tədbirləri görülmüşdür. Rayon rəhbərliyi Həzrə kəndində Qənərçay (Ukurçay) çayının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olmuşdur.
Aprelin 22-dən 23-nə keçən gecə Ləzə yoluna tökülmüş daş-qaya parçaları xüsusi texnika vasitəsilə parçalanaraq yolda gediş-gəliş bərpa edilmişdir. Yuxarı Tahircal kəndində yolun dağılmış hissəsinin bərpası işləri aparılır.
Güclü yağış və qar nəticəsində zərər çəkmiş rabitə xətlərinin bərpası istiqamətində də işlər davam etdirilir.
Yuxarı Tahircal kəndini elektrik enerjisi ilə təmin edən, meşə ərazisindən keçən 10 Kv-luq hava elektrik verilişi xəttinin tam yararsız vəziyyətə düşməsinə görə yol boyu 9 km-lik yeni xəttin çəkilməsinə başlanılmışdır. Görülən işlərlə yerində tanış olmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov və hüquq mühafizə orqanlarının rəhbərləri 23 aprel tarixində Yuxarı Tahircal kəndində olmuşdur.
Kənd sakinləri ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Regional Elektrik Şəbəkəsinin rəhbərliyi ilə enerji təchizatının bərpası istiqamətində görülən işləri müzakirə etmiş , öz tövsiyə və tapşırıqlarını vermişdir.
Keçidlər