Gündüzqala kəndində vətəndaşların müraciətləri dinlənildi
23 iyul 2025 | 19:22
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Gündüzqala kəndində sakinlərin səyyar qəbulunu keçirib.
Qəbulda həmçinin RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və müvafiq idarə, təşkilat, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən bir sıra sosial və infrastruktur məsələləri ilə bağlı müraciətlər səsləndirilmişdir. Müraciətlər əsasən torpaq sahələrinin hüquqi sənədləşdirilməsi işlərinə dəstəyin göstərilməsi, elektrik enerjisinin verilişində yaşanan fasilələrin aradan qaldırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması, internet xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də kənd mədəniyyət evinin əsaslı təmirinə ehtiyacın olması ilə bağlı olmuşdur.
Qaldırılan məsələlərin hər biri qeydə alınmış, aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilmiş və nəzarətə götürülmüşdür. Vətəndaşların müraciətlərinə fərdi yanaşma əsasında baxılması, onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verilmişdir.






