Haqq savaşımızın qəhrəmanları
31 oktyabr 2024 | 19:00
44 günlük müharibədə qazandığımız parlaq qələbə xalqımızın əzminin təntənəsidir. Bu qələbənin qazanılmasında ən böyük payı olan canlarını Vətən torpağı yolunda qurban verən şəhidlərimizdir. Onları xatırlamaq, yad etmək, xatirələrdə yaşatmaq hər birimizin borcudur.
30 oktyabr 2024-cü ildə Qusar rayonunda iki şəhidimizin anım mərasimi keçirilib. Mərasimdə RİH başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasim iştirakçıları Qusar rayonunun Cibir kəndində II Qarabağ müharibəsi şəhidlərimiz Xeyirbəyov Malik Samik oğlu və Nurmətov Çoban Razəddin oğlunun məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirələrini yad edib, şəhidlərimizin evlərində ehsan süfrəsində iştirak ediblər. RİH başçısının tapşırığı ilə Cibir kəndində 4 şəhidimizin məzarı ətrafına asfalt döşənərək abadlıq işləri aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun Baş Giziri olmuş Nurmətov Çoban Razəddin oğlu II Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olub. Ölümündən sonra “Şuşanın azad olunmasına görə medalı”, “Vətən uğrunda medalı”, “Füzulinin azad olunmasına görə medalı” ilə təltif olunub.
Azərbaycan Ordusunun əsgəri olmuş Xeyirbəyov Malik Samik oğlu 44 günlük Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmiş, Füzuli, Cəbrayıl, Hadrut döyüşlərində vuruşmuş, 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Ölümündən sonra “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə medalı”, “İgidliyə görə medalı”, “Vətən uğrunda medal” ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!