Heç kəs unudulmur, heç nə yaddan çıxmır!
08 oktyabr 2024 | 10:12
7 oktyabr 2024-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid İsmayılov Orxan Qədim oğlu, Pirseyidov Elnur Nasir oğlu və Əlimuradov Orxan Roman oğlunun anım mərasimlərində iştirak edib. Şəhidlərin ildönümündə həmçinin, RİH məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, qazilər, şəhid ailələri və din xadimləri iştirak ediblər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri
düzərək əziz xatirələrini yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin hər zaman qəlblərdə yaşayacağını bildirərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Şəhidlərimizin ailə üzvləri onlara
göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan ordusunun giziri olmuş Pirseyidov Elnur Nasir oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Şəhidimiz böyüyüb boya-başa çatdığı Qusar rayon Avaran kəndində torpağa tapşırılıb.
Azərbaycan ordusunun kiçik çavuşu olmuş İsmayılov Orxan Qədim oğlu 44 günlük Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Oktyabr ayının 6-da doğulub böyüdüyü Qusar rayon Həsənqala kəndində dəfn olunub.
Azərbaycan ordusunun əsgəri olmuş Əlimuradov Orxan Roman oğlu Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlimuradov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhadətə ucalıb. Şəhidimiz boya-başa çatdığı Qusar rayon Ukur kəndində dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!