Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilmişdir

24 aprel 2026 | 17:23
Aprelin 24-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşəbbüsü və Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilmişdir. Konfransda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Mərkəzi Aparatı Təşkilatı şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək dahi rəhbərin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş sərgiyə baxış keçirilmişdir. Konfrans Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, mövzuya dair videoçarx nümayiş olunmuşdur.
Konfransı giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov tədbirin əhəmiyyətindən danışmış, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi haqqında Sərəncamının bu sahədə elmi-tədqiqatların genişlənməsinə və müasir infrastruktur layihələrinin reallaşdırılmasına ciddi stimul verdiyini vurğulamışdır.
YAP Veteranlar Şurasının üzvü, professor Misir Mərdanov çıxışında son illər ölkə Prezidentinin rəhbərliyi ilə bütün ölkədə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat vermişdir. Professor Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən söhbət açmış, Ümummilli Liderlə bağlı xoş xatirələrini bölüşmüşdür. Professor Mərdanov Qusarda olmaqdan məmnunluğunu ifadə etmiş, rayonun timsalında bölgələrimizin sürətli inkişafını yüksək qiymətləndirmişdir. Çıxış səmimi müzakirə şəraitində keçmiş, auditoriya tərəfindən böyük maraqla qarşılanmışdır.
Konfransda çıxış edən Qusar rayonunun baş memarı Şahabbas Saruxanov və Bakı Dövlət Layihə İnstitutunun memarı Cabbar Muradov müasir Azərbaycanın şəhərsalma və memarlıq siyasətinin əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Gənc memar Cabbar Muradov Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində bilavasitə iştirak etdiyini bildirərək, bunun onun üçün böyük məsuliyyət və stimul olduğunu qeyd etmişdir. O, bu tarixi prosesin bir parçası olmaqdan qürur duyduğunu ifadə etmişdir. Şahabbas Saruxanov isə Qusar şəhərinin baş planı, rayonda aparılan tikinti-quruculuq işləri və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərini Azərbaycan şəhərsalmasının intibah dövrü adlandırmış, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun davam etdirildiyini, Qarabağda “ağıllı şəhər” konsepsiyası əsasında aparılan quruculuq işlərinin buna əyani sübut olduğunu bildirmişdir. İcra başçısı Qusar rayonunda da geniş abadlıq-quruculuq işlərinin görüldüyünü vurğulamış, qusarlıların nizam-intizamını və dövlətçiliyə sədaqətini xüsusi qeyd etmiş, səmimi görüşə görə professor Misir Mərdanova təşəkkürünü bildirmişdir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına Fəxri Fərman və xatirə hədiyyələri, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə üzvlük vəsiqələri təqdim olunmuşdur. Təltif olunan şəxslər onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını ifadə etmişdir. Ardınca Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.
Eyni zamanda, qonaqlar rayon rəhbəri və "ISFA" şirkətinin direktoru Samir Xeyirbəyovla birlikdə “ISFA” şirkətinin dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmuş və may ayında açılışı nəzərdə tutulan “ISFA Sporting” Şahmat Məktəbində olmuşdur. Qonaqlar burada tədris üçün yaradılmış müasir şəraitlə yaxından tanış olmuşdur. Bildirilmişdir ki, şahmat məktəbinin yenidən qurulması rayonda intellektual idman növlərinin inkişafına, gənclərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verəcəkdir.
Daha sonra qonaqlar rayon rəhbəri ilə birlikdə Qusar Rayon Mərkəzi Kitabxanasında xalq şairi Səməd Vurğunun120 illiyi münasibətilə keçirilən “Qəlbi ilə yazan, milləti ilə yaşayan şair” adlı şeir müsabiqəsində iştirak etmişdir. Əvvəlcə kitabxananın abonement şöbəsi ilə qısa tanışlıq baş tutmuş, əməkdaşlar tərəfindən kitabxananın fəaliyyəti barədə məlumat verilmişdir. Müsabiqə zamanı məktəblilər Səməd Vurğunun “Azərbaycan”, “Şair, nə tez qocaldın sən”, “Ləzgi qızı” və digər məşhur şeirlərini səsləndirmişdir. Tədbir səmimi və yüksək əhvali-ruhiyyə şəraitində başa çatmışdır.
Keçidlər