Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib-05.11.2026

05 noyabr 2026 | 18:15
Qusar Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib.
Məşğələ “Zəfərimiz və dövlətçilik dəyərlərimiz” mövzusuna həsr olunub və 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü ərəfəsində bu üç əlamətdar tarixin bir-biri ilə bağlılığını, dövlətçilik tariximizdəki yerini bir daha gündəmə gətirib.
Məşğələ Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, şagirdlərin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə Azərbaycanın tanınmış şairi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Azərbaycan bayrağı” şeirinin, “Vətən” və “Şuşalı Vətən” poemalarının müəllifi Ramiz Qusarçaylı və Vətən müharibəsi qaziləri də iştirak ediblər.
YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova giriş sözü ilə çıxış edərək qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər, işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın yüksəlişi və Konstitusiyamızda təsbit olunmuş dövlətçilik dəyərləri bir bütövün tərkib hissələridir. Bu dəyərləri gənc nəslə aşılamaq, onlarda Vətənə bağlılıq, milli qürur və məsuliyyət hissi formalaşdırmaq “Heydər Əliyev siyasi məktəbi”nin başlıca vəzifəsidir.
Tədbirdə çıxış edən şair Ramiz Qusarçaylı Vətənə sevginin sözlə deyil, əməllə sübut olunduğunu vurğulayıb. O, üçrəngli bayrağımızın xalqımızın azadlıq iradəsini, milli kimliyini və müstəqilliyini təcəssüm etdirdiyini, şəhidlərimizin qəhrəmanlığının isə hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib. Şair qeyd edib ki, Zəfər tariximizi gənclərə düzgün çatdırmaq, onları milli ruhda böyütmək hər bir ziyalının vəzifəsidir. Şair öz yaradıcılığında da Vətən mövzusunun aparıcı xətt təşkil etdiyini qeyd edib.
Qusar Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Röyalə Nəsirli Səfərbəyova və partiyanın fəal üzvü Nadirşah Şirinov çıxışlarında Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik tariximizdəki müstəsna roluna və hüquqi-siyasi əhəmiyyətinə toxunublar. Şagirdlərin diqqətinə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və müəllifliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirən, suverenliyimizi, dövlət quruluşumuzu, insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən fundamental sənəddir. Vurğulanıb ki, Konstitusiya yalnız hüquqi normalar toplusu deyil, həm də dövlətin möhkəmliyini, cəmiyyətin həmrəyliyini və milli birliyini təmin edən ali hüquqi qüvvəyə malik sənəddir.
Çıxışlarda, eyni zamanda, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından, şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərinin və qəhrəmanlıqlarının daim ehtiramla yad edilməsinin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinin sosial müdafiəsinin təmin edilməsi və qazilərin cəmiyyət həyatında layiqli yer tutması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Vətən müharibəsi iştirakçıları isə öz növbələrində döyüş meydanında keçdikləri şərəfli və məsuliyyətli yoldan, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin çətinliklərindən, qələbəyə gedən yolda nümayiş etdirilən misilsiz rəşadət və fədakarlıq nümunələrindən söz açıblar.
Məşğələ çərçivəsində şagirdlər də müzakirələrə fəal qoşularaq onları maraqlandıran suallara cavab alıblar.
Məşğələ Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirinin müəllifin öz ifasında səsləndirilməsi ilə yekunlaşıb.
Keçidlər