"Heydər Əliyev siyasi məktəbini öyrənirik" dərslərinin növbəti məşğələsi keçirilib-2026
05 may 2026 | 18:10
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Şəhərsalma və memarlıq ili” çərçivəsində növbəti məşğələsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. “Müstəqil Azərbaycanın qurucusu və memarı” mövzusunda təşkil edilən məşğələyə rayonun fəal gəncləri və yuxarı sinif şagirdləri cəlb olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən dərindən öyrənilməsinin vacibliyini xüsusi vurğulayıb. O, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin xilası, möhkəmləndirilməsi və inkişafındakı müstəsna xidmətlərindən, müasir, müstəqil Azərbaycan dövlətinin memarı kimi tarixi rolundan ətraflı bəhs edib. Təşkilat sədri, eyni zamanda, gənclərin milli ruhda, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Məruzə ilə çıxış edən digər natiqlər bildiriblər ki, müstəqil Azərbaycanın şəhərsalma və memarlıq siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Qeyd olunub ki, onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə tarixən formalaşmış şəhərlərimizin, memarlıq abidələrimizin qorunması, bərpası və inkişafı sahəsində mühüm qərarlar qəbul edilib, kompleks tədbirlər həyata keçirilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir, işğaldan azad edilmiş ərazilərimizdə müasir şəhərsalma prinsipləri əsasında yenidənqurma işləri aparılır.
Məşğələ interaktiv şəkildə davam edib, şagirdləri və gəncləri maraqlandıran suallar cavablandırılıb, Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Sonda Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yoluna, zəngin dövlətçilik irsinə həsr olunmuş “İz” sənədli filmi nümayiş etdirilib.






