“Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib-29.01.2026
29 yanvar 2026 | 18:31
Yanvarın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev ideyalarının müasir Azərbaycan gəncliyi üçün aktuallığı” mövzusunda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” layihəsi çərçivəsində növbəti məşğələ təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qeyd edib ki, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin ideyalarının bu gün də Azərbaycan gəncliyi üçün strateji yol xəritəsi rolunu oynadığını qeyd edən David İbramxəlilov həmçinin bildirib ki, gənclərin ictimai-siyasi fəallığının artırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və dövlətçiliyə sədaqət prinsiplərinin aşılanması bu gün aparılan gənclər siyasətinin əsas istiqamətlərindəndir.
Digər çıxış edən natiqlər milli-mənəvi dəyərlərə bağlı, sağlam düşüncəli və vətənpərvər gənc nəslin yetişdirilməsinin cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsili, intellektual inkişafı və beynəlxalq arenada ölkəmizin layiqincə təmsil olunması üçün geniş imkanlar yaradılır. Vurğulanıb ki, məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri bu gün təhsil, idman, mədəniyyət və digər sahələrdə mühüm uğurlar qazanır, eləcə də 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin əsas qüvvəsini gənclərimiz təşkil edib.
Tədbirin sonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Fəal gənclərə qiymətli hədiyyələr təqdim olunub. Tədbir çay süfrəsi ətrafında səmimi müzakirələrlə davam etdirilib.






