İcra başçısı Girik kəndində sakinlərin problem və təkliflərini dinləyib
16 dekabr 2025 | 19:12
Vətəndaşların gündəlik qayğılarının öyrənilməsi, onları narahat edən problemlərin yerində araşdırılması, qaldırılan məsələlərin həllinə nail olunması məqsədilə RİH başçısı tərəfindən mütəmadi olaraq yerlərdə səyyar qəbullar keçirilir.
Bu istiqamətdə növbəti səyyar qəbul dekabrın 16-da rayonun Girik kəndində baş tutmuşdur. Rayon rəhbəri ilə yanaşı, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə baş tutan görüşdə sakinlərin müraciətləri dinlənilmiş, onlara müvafiq izahatlar, o cümlədən rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastruktur sahəsində görülən işlər və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlər barədə məlumat verilmişdir.
Səyyar qəbul zamanı sakinlər tərəfindən elektrik enerjisinin verilişində tez-tez fasilələrin yaranması diqqətə çatdırılmış, Samur-Həzrə yolunda nişanlanma xətlərinin çəkilməsi, fərdi pay torpaq sahələrinin kol-kosdan təmizlənməsinə və kənddə yerləşən stadion ərazisinin çəpərlənməsinə köməklik göstərilməsi xahiş edilmiş, eləcə də digər məsələlər qaldırılmışdır.
RİH başçısı qaldırılan və müzakirə edilən digər məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.






