İcra başçısı Qusar Uşaq Gənclər İdman-Şahmat Məktəbində təmirdən sonra yaradılmış şəraitlə yerində tanış olub
09 oktyabr 2025 | 21:01
Son illərdə paytaxtda olduğu kimi regionlarda da idmanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müasir infrastruktur imkanları genişləndirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, daha əlverişli tədris şəraitinin yaradılması istiqamətində aparılan tədbirlər çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Qusar Uşaq Gənclər İdman-Şahmat Məktəbində cari təmir işləri aparılmışdır. Həmçinin Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Azərbaycan Güləş Federasiyası tərəfindən məktəb müasir idman avadanlıqları - trenajor qurğuları, ağırlıq qaldırma vasitələri, güləş döşəkləri və digər fiziki hazırlıq üçün zəruri avadanlıqlar ilə təchiz olunmuşdur.
Oktyabrın 9-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov Uşaq Gənclər İdman-Şahmat Məktəbində olub. İcra başçısı təmir işlərindən sonra məktəbdə yaradılmış şəraitlə, quraşdırılmış müasir idman avadanlıqları ilə tanış olub, gənc idmançıların məşq prosesini izləyib. Rayon rəhbərinə məktəbdə aparılan cari təmir işləri, tədris prosesi, məşqçilərin fəaliyyəti, şagirdlərin idman nailiyyətləri barədə ətraflı məlumat verilib.
Qusar Rayon İcra Hakimiyyəti, rayonda təhsil, idman sahələrinin inkişafına göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirir.






