İcra başçısı rayonda yeni məktəbin tikintisi və mövcud məktəblərin təmiri ilə bağlı görülən işlərlə yerində tanış olub
21 avqust 2025 | 19:14
21 avqust 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun bir sıra yaşayış məntəqələrində məktəb infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərlə yerində tanış olmuşdur. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, şagirdlər üçün daha əlverişli tədris şəraitinin yaradılması istiqamətində aparılan tədbirlər çərçivəsində Gündüzqala, İmamqulukənd, Urva və Aşağı Ləgər kəndlərində mövcud məktəblərin əsaslı təmiri başa çatmaq üzrədir.
Rayonun Cibir kəndində isə müasir standartlara cavab verən yeni məktəb binası inşa edilib və son tamamlanma işləri həyata keçirilir. Layihəyə uyğun olaraq, məktəb binası müasir standartlara cavab verən laboratoriyalar, fənn kabinetləri, geniş sinif otaqları, idman zalı və digər zəruri tədris infrastrukturu ilə təmin olunacaq.
İcra başçısı təmir və tikinti işlərinin gedişi ilə tanış olarkən görülən işlərin keyfiyyəti, tikinti normalarına uyğunluğu, istifadə olunan materialların keyfiyyəti barədə ətraflı məlumat almışdır. Müvafiq tövsiyələrini verən icra başçısı diqqətə çatdırmışdır ki, təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Qusar rayonunda həyata keçirilən bu əhəmiyyətli layihələr, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının və ardıcıl islahatların bariz nümunəsidir. Rayon rəhbərliyinin adından görülmüş işlərə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbərliyinə və kollektivinə, eləcə də məktəblərdə aparılan təmir və tikinti işlərini yüksək səviyyədə icra edən podratçı təşkilatların rəhbərliyi və əməkdaşlarına təşəkkürümüzü bildiririk. Əminik ki, görülən bu işlər Qusar rayonunda təhsilin keyfiyyətinin yüksəldilməsinə və inkişafına mühüm töhfə verəcəkdir.






