İcra başçısı Sahir Məmmədxanov rayon gəncləri ilə görüşüb
Fevralın 4-də Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayon gəncləri ilə görüşüb. Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının sədri, RİH Başçısı Aparatının əməkdaşları, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi və digər təşkilatların nümayəndələri, rayonun fəal gəncləri, qazilər, tələbələr iştirak ediblər.
Səmimi polemika şəraitində keçən görüşdə gəncləri narahat edən problemlər müzakirə olunub, müxtəlif sahələr üzrə təklifləri dinlənilib, sualları cavablandırılıb.
İcra başçısı ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı məqsədilə səmərəli istifadə olunduğunu, aparılan uğurlu gənclər siyasətinin yeni nəslin nümayəndələrinə öz qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün real şərait yaratdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetiriblər. Amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclərimiz olmuşdur.
Görüşdə tədbir iştirakçıları tərəfindən gənclərin rayonda fəaliyyət göstərən dövlət qurumlarında təcrübə keçmələrinə şərait yaradılması, rayonun maddi-mənəvi irsinin tanıdılması məqsədilə tarixi ərazilərə ekskursiyaların təşkil olunması, kibertəhlükəsizlik və proqramlaşdırma sahəsinə gənclərin marağının artırılması istiqamətində işlərin görülməsi təklifləri irəli sürülüb. Həmçinin gənclərin məşğulluğunun təmin olunması, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi ilə bağlı müraciətlər edilib.
Gəncləri ölkənin ictimai həyatında fəal olmağa, bilik və bacarıqlarını, intellektual səviyyələrini daha da artırmağa çağıran rayon rəhbəri gənclərə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib.
Gənclər bu günki görüşdən razı qaldıqlarını bildirərək, onlar üçün yaradılan imkana, gənc nəslə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.