İcra başçısı “Yaşıl Bağlar” MMC-nin fəaliyyəti ilə tanış olub
30 iyul 2025 | 12:50
Regionlarda kənd təsərrüfatının inkişafı, müasir texnologiyaların tətbiqi və sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən siyasət öz müsbət nəticələrini verməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin aqrar sektoruna göstərilən diqqət bölgələrdə yeni təsərrüfat subyektlərinin yaranmasına, mövcud müəssisələrin isə inkişafına şərait yaradır. Prezident İlham Əliyevin 2025-ci ilin aprelin 30-da Qusar rayonuna səfəri zamanı rayonda fəaliyyət göstərən “İsmikhanlı” MMC-nin bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olması dövlət başçısının aqrar sektorun inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.
İyulun 29-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun ən iri meyvəçilik təsərrüfatlarından biri olan “Yaşıl Bağlar” MMC-yə səfər edib. Aşağı Ləgər kəndi ərazisində yerləşən bu iri meyvəçilik təsərrüfatı 2020-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində təkcə regionda deyil, Respublika üzrə nümunəvi müəssisələrdən birinə çevrilib.
Müəssisə rəhbərliyi ilə görüş zamanı icra başçısına təsərrüfatda tətbiq edilən innovativ aqrotexniki üsullar və texnologiyalar barədə ətraflı məlumat verilib. Sahir Məmmədxanov müəssisənin 12 min tonluq tutuma malik soyuducu anbar kompleksi, müasir avtoparkı, suvarma sistemləri, artezian quyuları və digər infrastruktur obyektləri ilə tanış olmuş, tətbiq edilən innovativ aqrotexniki metodlarla maraqlanmışdır. Qeyd olunub ki, müəssisədə 192 nəfər daimi, 300 nəfərə yaxın işçi isə mövsümi olaraq çalışır. Hazırda müəssisənin 503.47 hektarlıq ərazisində alma, armud, şaftalı, nektarin, gilas, heyva, gavalı və qaysı bağları mövcuddur. Bildirilib ki, müəssisə meyvənin istehsalından başlayaraq yığım, saxlanma və ixraca qədər olan bütün mərhələləri peşəkar şəkildə idarə edir və hər hansı ciddi problemlə qarşılaşmır.
Görüşdə bağçılıq sahəsində fəaliyyət göstərən digər aparıcı təsərrüfatların – “Galagro” və “Grant Garden” MMC-lərin nümayəndələri də iştirak ediblər. Qeyd olunan müəssisələrin istehsal gücü, becərilən meyvə növləri və ixrac imkanları barədə məlumat verilmiş, sektorda qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı təkliflər səsləndirilmiş, fikir mübadiləsi aparılmışdır. İcra başçısı qeyd edib ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac imkanlarının artırılması, innovativ texnologiyaların tətbiqi və yerli sahibkarların fəallığının təşviqi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.






